Monakoda ukrayna əsilli iş adamı Vadim Yermolayevin xəsarət aldığı partlayışın qadın tərəfindən törədildiyi ehtimal olunur.
Bu barədə “France Info” radiostansiyası mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, şübhəli qadının Monakonu tərk edərək İtaliyaya getdiyi güman edilir. Monako məhkəmə orqanları onun İnterpol xətti ilə axtarışa verilməsinin planlaşdırıldığını bildirib.
İstintaqçılar şübhəlinin ukrayna əsilli qadın olduğunu ehtimal edirlər. Onun soyadı hələlik mətbuata açıqlanmır. Qadına cinayətdə mümkün iştirakçıların kömək etmiş ola biləcəyi də istisna edilmir.
Qeyd olunur ki, həftənin əvvəlində baş verən partlayışda xəsarət alan Vadim Yermolayev hələ də xəstəxanadadır, lakin həyatı üçün təhlükə yoxdur. Partlayışda yaralanan qadının vəziyyətinin daha ağır olduğu bildirilir. Bundan başqa, bir yeniyetmənin də yüngül xəsarət aldığı qeyd edilir.
Xatırladaq ki, partlayış Monakoda, Fransa sərhədinə yaxın ərazidə yerləşən yaşayış binasının girişində baş verib. Təhlükəsizlik kameraları bir nəfərin binanın yaxınlığında bel çantasına gizlədilmiş bombanı qoyduqdan sonra hadisə yerindən sürətlə uzaqlaşdığını qeydə alıb.

