ABŞ Prezidenti Donald Trampın NATO sammiti üçün səfərdə olduğu Ankarada verdiyi açıqlamalardan sonra İranda ardıcıl partlayış səsləri eşidilib.
Türkiyə mediasının İran mətbuatına istinadən yaydığı məlumata görə, partlayışlar Sirik, Bəndər-Abbas, Çabahar və Künarək şəhərlərində baş verib.

ABŞ ordusu da İrana qarşı yeni hücumun başladığını təsdiqləyib. Açıqlamada bildirilib ki, zərbələr İranın Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etmə imkanlarını daha da azaltmaq məqsədi daşıyır.
Hadisələrdən sonra ABŞ-İsrail hava hücumunda öldüyü bildirilən İranın keçmiş dini lideri ayətullah Əli Xamenei üçün Məşhəd şəhərində keçirilməsi planlaşdırılan dəfn mərasimi təxirə salınıb. Onun İmam Rza türbəsində dəfn olunacağı gözlənilirdi.

Məlumata görə, İranın Qum şəhərində keçirilən izdihamlı vida mərasimindən sonra Xameneinin nəşi gecə saatlarında İraqın Nəcəf şəhərinə aparılıb. Burada nəş İran Prezidenti Məsud Pezeşkian, Xameneinin böyük oğlu Mustafa Hüseyni Xamenei, İraq rəsmiləri və yüksək səviyyəli siyasətçilərin iştirakı ilə qarşılanıb.
Daha sonra Xameneinin tabutu Nəcəf küçələrinə toplaşan izdihamın arasından keçirilərək Həzrət Əli türbəsinə aparılıb. Nəcəfdəki mərasimdən sonra nəş təxminən 60 kilometr şimalda yerləşən Kərbəla şəhərinə gətirilib və burada Həzrət Hüseyn və Həzrət Abbas türbələrində daha bir vida mərasimi təşkil olunub.
Nəcəf və Kərbəlada keçirilən mərasimlərə yüz minlərlə insanın qatıldığı bildirilir.
Tramp isə daha əvvəl verdiyi açıqlamada İranın yenidən hədəfə alına biləcəyini bildirib.
“İranı yəqin ki, bu gecə də vuracağıq. Onlara bir qədər xəbərdarlıq edəcəyəm. Bu, müharibə deyil. Məsələ İranın nüvə silahına sahib olmamasını təmin etməkdir. Bunu razılaşma olmadan da edə bilərik. Beləsi daha asandır. Bu insanlar yalan danışır və aldadır”, - deyə ABŞ Prezidenti qeyd edib.
Tramp digər açıqlamasında isə “İranla atəşkəs, məncə, başa çatdı” ifadəsini işlədib.
Vaşinqtonun ötən gün də İran ərazisində bir sıra hücumlar həyata keçirdiyi, ümumilikdə 80 hədəfin vurulduğu açıqlanmışdı.

