ABŞ iyulun 8-nə keçən gecə İrana raket zərbələri endirib. Məlumata görə, bu hücum fevralın 28-də başlayan hərbi münaqişənin başa çatmasını nəzərdə tutan memorandumun bəzi bəndlərinin pozulması kimi qiymətləndirilib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı CENTCOM sosial şəbəkədə yaydığı açıqlamada İrana qarşı güclü zərbələr seriyasına başlandığını bildirib.
“Mərkəzi Komandanlıq qüvvələri İrana qarşı güclü zərbələr seriyasına başlayıb”, - məlumatda qeyd olunub.
İran xəbər mənbələrinin yaydığı məlumata görə, ölkənin cənubunda yerləşən Sirik şəhərində yeddi partlayış baş verib. Oxşar hadisələr Bəndər-Abbas şəhərində və Qeşm adasında da qeydə alınıb. Həmin ərazilərdə ümumilikdə altı partlayışın baş verdiyi bildirilir. Hücumlar nəticəsində bir neçə nəfərin yaralandığı qeyd olunur.
Pentaqon isə İrana endirilən zərbələrin Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlara cavab olduğunu açıqlayıb.
NBC-yə danışan adı açıqlanmayan rəsmi bildirib ki, ABŞ-ın çərşənbə gecəsi İrana endirdiyi yeni zərbələr əvvəlkilərlə müqayisədə daha genişmiqyaslıdır. Bununla belə, “The Wall Street Journal”ın mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton hələ də Tehranla dialoqun davam edəcəyinə ümid edir.
Axios portalının jurnalisti Barak Ravidin məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp İrana zərbə endirilməsi barədə göstərişi artıq Ankarada, NATO sammitində iştirak etmək üçün Türkiyədə olduğu vaxt verib.
Məlumata görə, Tramp zərbə planını təsdiqləyib və hücum əmri verib. O, iyulun 7-də Türkiyəyə gəlib. Axios yazır ki, ABŞ lideri Ankarada dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, maliyyə naziri Skott Bessent və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə görüşüb.
Administrasiyadakı mənbənin sözlərinə görə, ABŞ-ın İrana zərbələri nə qədər davam etdirəcəyi hələlik məlum deyil. Bu barədə qərarın hücumların nəticələri qiymətləndirildikdən sonra veriləcəyi bildirilir.
İran Prezidenti Məsud Pezeşkian ABŞ hücumlarından sonra İraqı tərk edib. O, İraqda İranın ali rəhbəri ayətullah Əli Xameneinin vida mərasimində iştirak edirdi. Hazırda Pezeşkianın ölkəsinə qayıtdığı bildirilir.
“Pezeşkian ABŞ-ın İranın cənub bölgələrinə zərbələrindən sonra İraqı tərk edərək İrana yola düşüb”, - məlumatda qeyd olunub.
Press TV-nin məlumatına görə, İran Xarici İşlər Nazirliyi ABŞ-ın zərbələrini iki ölkə arasında imzalanmış anlaşma memorandumunun şərtlərinin ciddi şəkildə pozulması adlandırıb.
Nazirlik bildirib ki, ABŞ-ın İrana hücumları memorandumun 1-ci və 2-ci bəndlərinin kobud pozuntusu hesab olunur.

