İranın paytaxtı Tehranda bu ilin əvvəlində həlak olduğu bildirilən keçmiş ali lider ayətullah Əli Xameneinin xatirəsinə keçirilən matəm tədbirlərində çox sayda sakin iştirak edib.
Bu barədə Yaxın Şərq KİV-ləri məlumat yayıb.
İran paytaxtında mərhumun xatirəsinə dua mərasimi keçirilib. Mərasimdə Xameneinin üç oğlu — Məsud, Mustafa və Meysəm Xamenei iştirak edib.

Daha bir oğlu, İranın yeni ali lideri Müctəba Xamenei isə təhlükəsizlik səbəbi ilə atasının xatirəsinə keçirilən mərasimlərə qatılmır. İran hakimiyyəti daha əvvəl İsrailin ölkənin yeni rəhbərini aradan götürməyə cəhd edə biləcəyindən ehtiyat etdiyini bildirmişdi.
KİV-in məlumatına görə, mərasim iştirakçıları arasında İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əhməd Vahidi də olub. Bildirilir ki, mərasimdə iştirak edənlərin çoxu onunla şəkil çəkdirmək istəyib.
Əli Xameneinin xatirəsinə matəm tədbirləri İranda cümə günü başlayıb. Məlumata görə, mərasimlərdə artıq milyonlarla insan iştirak edib.
Xameneinin cümə axşamı Məşhəd şəhərində dəfn olunacağı bildirilir.
Qeyd olunur ki, Əli Xamenei fevralın sonunda Tehran şəhərinə ABŞ və İsrail tərəfindən endirilən zərbə nəticəsində həlak olub.

