İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ hərbi bazasına endirilən zərbə nəticəsində çox sayda amerikalı hərbçinin məhv edildiyini iddia edib.
Bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.
SEPAH-ın bəyanatına görə, Aerokosmik Qüvvələrin bölmələri Aqaba körfəzi sahilində yerləşən ABŞ dəniz piyadalarının “Camp Titin” bazasına ballistik raketlərlə kütləvi zərbə endirib.
İran tərəfi hücum nəticəsində ABŞ qüvvələrinin şəxsi heyət arasında böyük itkilər verdiyini, həmçinin bir neçə mühüm obyektin və zərbə helikopterlərinin məhv edildiyini iddia edib.
İordaniya Silahlı Qüvvələri isə ölkənin hava hücumundan müdafiə sistemlərinin İordaniya hava məkanına daxil olan 13 ballistik raketin hücumunu dəf etdiyini bildirib.
Məlumata görə, raketlərdən 10-u uğurla vurularaq məhv edilib, digər üçü isə yaşayış məntəqələrindən uzaq ərazilərə düşüb.

