ABŞ-nin Tennessi ştatında ölüm hökmünün icrası uğursuzluqla nəticələnən Krista Paykın damarının zədələnmiş ola biləcəyi iddia edilib.
Bu barədə Britaniyanın “The Guardian” qəzeti məhkumun vəkilinin açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, edam zamanı damar yolu açmağa çalışan əməkdaşlar 10 iynədən istifadə ediblər. Prosedurun başlanmasından təxminən 20 dəqiqə sonra isə onlar damarının cırılmış ola biləcəyini müzakirə ediblər.
Vəkilin sözlərinə görə, damar yolu açmaq cəhdləri saat 18:35-dən 19:24-dək davam edib. Əməkdaşlardan birinin “Ya qandır, ya da damar cırılıb, bunu bilməliyəm” dediyi iddia olunur.

Uğursuz edam cəhdindən sonra 10 gün xəstəxanada müalicə alan Payk yenidən həbsxanaya qaytarılıb. Hazırda onun danışa və yeriyə bildiyi, lakin səhhətinin gələcəkdə necə olacağının məlum olmadığı bildirilir.
Qeyd edək ki, Krista Payk 1995-ci ildə 18 yaşında olarkən sinif yoldaşı Kollin Slemmeri öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.

Sentyabrın 30-da hökmün icrası zamanı ona iki doza ölümcül preparat yeridilsə də, ürəyi dayanmayıb. Bundan sonra məhkum həbsxanadan kənar tibb müəssisəsinə aparılıb.

Tennessi ştatının qubernatoru Bill Li hadisənin araşdırılması barədə göstəriş verib. Araşdırma müddətində ştatda ilin sonunadək planlaşdırılan digər edamların icrası da dayandırılıb.

