ABŞ-ın Tennessi ştatında iki dəfə ölümcül inyeksiya vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı Krista Paykın edamdan xilas olmasının mümkün səbəbləri açıqlanıb.
Bu barədə həkim-narkoloq və psixiatr Vasili Şurov NEWS.ru nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, qadının sağ qalmasına preparatın yeridilməsi zamanı damarın zədələnməsi və ya iynənin damardan kənara vurulması səbəb ola bilər.
Şurov bildirib ki, edam zamanı qadının qolunda yanma hissindən şikayət etməsi diqqət çəkən məqamlardan biridir.
«Qadının qolunda yanma hiss etməsi qəribədir. Ola bilsin ki, inyeksiya zamanı damar zədələnib və ya iynə damardan kənara vurulub. ABŞ-da əvvəllər də belə hallar yaşanıb. Hətta damara düzgün inyeksiya edə bilmədiklərinə görə bir edamın icrası dayandırılıb», – deyə mütəxəssis qeyd edib.
Həkim ikinci ehtimal kimi qadının orqanizmində preparata qarşı dözümlülüyün yaranmasını göstərib.
Onun sözlərinə görə, insanlar sakitləşdirici və yuxugətirici dərmanlara fərqli reaksiya verirlər. Bəzi şəxslərdə bu preparatlara qarşı dözümlülük yarana bilər.
Şurov ehtimal edib ki, qadın gənclik illərində bu tip dərmanlardan çox istifadə edibsə, orqanizmində onlara qarşı dözümlülük formalaşmış ola bilər.
Mütəxəssis əlavə edib ki, dərmanların dozasının bədən çəkisinə uyğun hesablanması təxmini xarakter daşıyır. Çünki hər bir orqanizmin preparatlara həssaslığı fərqlidir.
«Bir insana bir yuxu dərmanı kifayət etdiyi halda, digəri üçün hətta iki həb də yetərli olmaya bilər», – deyə həkim izah edib.
Xatırladaq ki, sentyabrın 30-da Tennessi ştatında Krista Paykın ölüm hökmünü icra etmək mümkün olmayıb. İki dəfə ölümcül inyeksiya vurulmasına baxmayaraq, qadın 40 dəqiqədən artıq nəfəs almağa davam edib.
Hadisədən sonra Payk xəstəxanaya yerləşdirilib.

