ABŞ Prezidenti Donald Tramp Tennessi ştatında ölüm hökmünün icrası zamanı iki dəfə ölümcül inyeksiya vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı Krista Geyl Paykla bağlı açıqlama verib.
Denmedia.az xəbər verir ki, ABŞ lideri edam cəzasının uğursuz icrasını «maraqlı vəziyyət» adlandırıb.
«Bəli, bu, maraqlı vəziyyət idi», – deyə Tramp bildirib.
Prezident qadının ölüm hökmünün yenidən icra edilib-edilməyəcəyi ilə bağlı sualı da cavablandırıb. O, bu məsələnin yerli hakimiyyət orqanlarının səlahiyyətində olduğunu qeyd edib.
Tramp həmçinin «Edam proseduru bu qədər mürəkkəb olmamalıdır» ifadəsini işlədib.
Xatırladaq ki, sentyabrın 30-da Tennessi ştatında Krista Geyl Paykın ölüm hökmünün icrası uğursuzluqla nəticələnib. Qadına iki dəfə ölümcül preparat yeridilsə də, o, sağ qalıb.
Hazırda Paykın vəziyyəti ağırdır və ona xəstəxanada tibbi yardım göstərilir.
Hadisədən sonra Tennessi qubernatoru Bill Li 2026-cı ilin sonunadək ştatda nəzərdə tutulan edamların dayandırılması və baş verənlərin müstəqil şəkildə araşdırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Krista Payk 1995-ci ildə 19 yaşlı Kollin Slemmeri qətlə yetirməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum olunub. Cinayəti törətdiyi zaman onun 18 yaşı olub.
O, son 200 ildən artıq müddətdə Tennessi ştatında edam edilən ilk qadın olacaqdı.

