ABŞ-ın Tennessi ştatında edam cəzasına məhkum edilmiş 50 yaşlı Krista Payk ölümcül inyeksiyaların vurulmasına baxmayaraq sağ qalıb. Qadın son 200 ildən artıq müddətdə ştatda edam edilən ilk qadın olacaqdı.
Bu barədə NBC News məlumat yayıb.
Bildirilib ki, Krista Payk 1995-ci ildə təhsil aldığı müəssisədə birgə oxuduğu qızı qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilib. Cinayət törədilən zaman onun 18 yaşı olub.
Sentyabrın 30-da qadının ölüm hökmünün inyeksiya yolu ilə icrası nəzərdə tutulub.
Edam prosesini izləyən jurnalistlərin sözlərinə görə, Payk inyeksiyalar vurularkən ağrıdan şikayət edib və ayaqlarını hərəkət etdirərək üzərindəki mələfəni kənara itələyib.
Məlumata əsasən, ona iki doza ölümcül preparat yeridilsə də, qadın sağ qalıb.
«Edamı həyata keçirən əməkdaşlar ölümcül preparatla dolu hər iki şprisi yeritdilər, lakin Payk hələ də sağ idi və xoruldayırdı», – deyə hadisəni izləyən jurnalistlərdən biri bildirib.
Edam cəhdindən sonra 50 yaşlı qadın xəstəxanaya aparılıb.
Tennessi ştatının İslah Müəssisələri Departamenti isə edam prosedurunun bütün mərhələlərinin müəyyən edilmiş qaydalara uyğun həyata keçirildiyini açıqlayıb.
Qurumun məlumatına görə, inyeksiya zamanı istifadə olunan preparat əvvəlki hallarda effektiv olub və mövcud protokol əlavə prosedurların tətbiqinə imkan verməyib.
Tennessi qubernatoru Bill Li hadisədən sonra 2026-cı ilin sonunadək bütün edamların dayandırılması və baş verənlərin araşdırılması barədə qərar verib.

