ABŞ-nin Tennessi ştatında son iki əsrdə ilk dəfə qadın edam edilə bilər. Söhbət 50 yaşlı Krista Paykdan gedir.
Bu barədə ABC News məlumat yayıb.
Tennessi qubernatoru Bill Li Paykın əfv olunması ilə bağlı müraciəti təmin etməyib. Onun vəkilləri isə edama hazırlıq prosesinin dayandırılması üçün ABŞ Ali Məhkəməsinə müraciət ediblər. Paykın edamı sentyabrın 30-na planlaşdırılıb. Ali Məhkəmə prosesə müdaxilə etməsə, o, 1820-ci ildən bəri Tennessi ştatında edam edilən ilk qadın olacaq.
Payk 1995-ci ildə 19 yaşlı tələbə yoldaşı Kollin Slemmerin qətlinə görə ölüm cəzasına məhkum edilib. Cinayət törədilən zaman onun 18 yaşı olub. İttiham tərəfinin versiyasına görə, Payk sevgilisini Slemmerə qısqanıb, onu tənha yerə aparıb və sevgilisi ilə birlikdə işgəncə verərək öldürüb.
Payk günahını etiraf edib. Bununla belə, müdafiə tərəfi ölüm cəzasının qeyri-mütənasib olduğunu bildirərək cinayət zamanı onun yaşını, uşaqlıqda zorakılığa məruz qalmasını, həmçinin bipolyar pozuntu və posttravmatik stress pozuntusu ilə bağlı diaqnozlarını əsas gətirib. Ölən qızın anası isə hökmün icra olunmasını tələb edib.
ABŞ-də qadınların edam olunması nadir haldır. Son 50 ildə ölkədə 18 qadın edam edilib ki, bu da ümumi edamların təxminən 1%-ni təşkil edir.

