ABŞ-ın Tennessi ştatında məhkum Krista Paykın edamının uğursuzluqla nəticələnməsindən sonra ştatın İslah Müəssisələri Departamentinin rəhbəri Frenk Strada istefa vermək qərarına gəlib.
Associated Press agentliyinin məlumatına görə, Strada oktyabr ayında vəzifəsini tərk edəcək.
“Hadisə ilə bağlı müstəqil araşdırma aparıldığı müddətdə istefamın ştatın maraqlarına daha uyğun olduğunu düşünürəm”, – deyə o bildirib.
Tennessi qubernatoru Bill Li istefanı qəbul edib. Qubernator Stradanın vəzifələrini vicdanla yerinə yetirdiyini və bu qərarla ştat sakinlərinin maraqlarını üstün tutduğunu qeyd edib.
Xatırladaq ki, sentyabrın 30-da 50 yaşlı Krista Paykın edamına cəhd edilib. Lakin ölümcül inyeksiya proseduru uğursuzluqla nəticələnib və qadın sağ qalıb.
Məlumata görə, edam zamanı ən azı yeddi iynədən istifadə olunub. İki doza pentobarbital preparatı yeridildikdən sonra da məhkum nəfəs almağa davam edib.
Payk hazırda ağır vəziyyətdədir. Hadisədən sonra hüquq müdafiəçiləri onun yenidən edam edilməməsini tələb ediblər.
Qadının sonrakı taleyinin necə olacağı məlum deyil. Mövcud həbsxana prosedurlarında edam cəhdindən sağ çıxan məhkumlarla bağlı növbəti addımlar nəzərdə tutulmayıb.
Krista Payk 1995-ci ildə 19 yaşlı Kollin Slemmerin qətlinə görə məhkum edilib. O, Tennessi ştatında 200 ildən artıq müddətdən sonra edam edilən ilk qadın ola bilərdi.

