Lənkəranda səhər saatlarında köhnə Ələt–Astara yolunun Parakənd kəndi ərazisində çürümüş ağac avtomobilin üzərinə aşıb.
Yerli KİV-in məlumatına görə, Astara rayonunun Təngərüd kənd sakini, 1967-ci il təvəllüdlü Dəmir Serviz oğlu Müzəffərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən qəfil düşən ağacın təsirinə məruz qalıb.
Hadisə nəticəsində sürücünün qızı, 1988-ci il təvəllüdlü Nüşabə Dəmir qızı Müzəffərova və onun qayınanası, 1960-cı il təvəllüdlü Təzyəgül Sabir qızı Babayeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Zərərçəkənlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.
Yerli sakinlər bildirirlər ki, həmin ərazidə daha bir neçə təhlükəli ağac var və onların da aşma riski mövcuddur. Onların sözlərinə görə, aidiyyəti qurumlara edilən müraciətlər hələ nəticə verməyib.

Aşan ağac bir müddət yol hərəkətinə mane olub, daha sonra yerli sakinlərin köməyi ilə yoldan kənarlaşdırılıb və hərəkət bərpa edilib.
Qeyd olunur ki, xəsarət alan qadınlardan biri hadisə günü tibbi müayinəyə gedirmiş. Faktla bağlı araşdırma aparılır.

