Bakının Sabunçu rayonundakı 2 saylı doğum evində əkiz uşaq dünyaya gətirən 53 yaşlı qadının ölüm səbəbi açıqlanıb.
Sabunçu Tibb Mərkəzindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, pasiyent doğuşdan sonra yaranan tənəffüs çatışmazlığı səbəbindən vəfat edib.
Məlumata görə, qadın ekstrakorporal mayalanmadan (EKO) sonra yaranmış hamiləliklə mərkəzin doğum evinin patologiya şöbəsinə hospitalizasiya olunmuşdu. Hamiləliyin müddəti 34 həftə 4 gün idi və vaxtından əvvəl doğuş təhlükəsi diaqnozu qoyulmuşdu.
Saat 10:30-da qadın üzərində əməliyyat aparılıb və nəticədə iki uşaq — 2 100 qram çəkidə, 47 sm boyunda oğlan və 2 050 qram çəkidə, 46 sm boyunda qız uşağı dünyaya gəlib.
Əməliyyatdan sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib. Təxminən iki saat sonra hipotonik qanaxma başlayıb və zəruri tibbi müdaxilələr həyata keçirilib, o cümlədən təkrar əməliyyat aparılıb və uşaqlıq götürülüb.
Saat 01:30 radələrində pasiyentin vəziyyəti kəskin pisləşib, boğulma və tənəffüs çatışmazlığı əlamətləri müşahidə olunub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, təxminən saat 02:30-da bioloji ölüm qeydə alınıb.
Bildirilir ki, yeni doğulan körpələrin vəziyyəti stabildir və onların müalicəsi davam etdirilir.

