Kanadada 2023-cü ildə “Titan” batiskafının qəzaya uğramasının səbəbləri ilə bağlı hesabat dərc olunub.
Bu barədə The Guardian məlumat yayıb.
Araşdırmanı Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurası aparıb. Mütəxəssislər belə qənaətə gəliblər ki, faciəyə batiskafın konstruksiyasındakı çoxsaylı qüsurlar və onu hazırlayan OceanGate şirkətindəki idarəetmə yanaşması səbəb olub.
Hesabata əsasən, aparatın layihələndirilməsi və sınaqları ümumi qəbul olunmuş mühəndislik standartlarına uyğun aparılmayıb. Bildirilir ki, OceanGate “Titan”ın özünü geniş şəkildə sınaqdan keçirmək əvəzinə, ölçüsünə görə ondan təxminən üç dəfə kiçik maketlər üzərində cəmi 6 sınaq aparıb.
Mütəxəssislər qeyd ediblər ki, belə hallarda adətən yüzlərlə, hətta minlərlə sınaq dövrü həyata keçirilir.
Hesabatda batiskafın əvvəlki səfərlər zamanı zədələnə biləcəyi hallara da diqqət çəkilib. Bildirilir ki, 2022-ci ildə “Titan” “Titanik”in burun hissəsi ilə toqquşub, bir neçə gün sonra başqa dalışdan sonra isə ekipaj üzvləri güclü səs eşidiblər.
Bundan başqa, batiskafın təxminən bir il açıq havada saxlanıldığı da qeyd olunub.
Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurasının hesabatında bildirilib ki, OceanGate-də təhlükəsizliklə bağlı narahatlıq bildirən və ya şirkət rəhbərinin mövqeyindən fərqli fikir səsləndirən bəzi əməkdaşlar ya işdən ayrılıb, ya da işdən çıxarılıb.
Hesabatda digər problemlər də sadalanıb. Mütəxəssislərin fikrincə, “Titan”ın hazırlandığı material hər dalışdan sonra görünməyən zədələri toplayırdı. Aparatda istifadə olunan akustik monitorinq sistemi isə lazımi anda işləməyib.
Qeyd edək ki, “Titan” batiskafı 2023-cü ildə “Titanik”in qalıqlarına ekspedisiya zamanı göyərtəsində 5 nəfərlə birlikdə yoxa çıxmışdı.
Batiskafda OceanGate şirkətinin rəhbəri Stokton Raş, britaniyalı milyarder Həmiş Hardinq, pakistanlı milyarder Şahzada Davud və onun oğlu Süleyman Davud, həmçinin “Mister Titanik” kimi tanınan tədqiqatçı Pol-Anri Narjole olub.

