Avstraliyada yerləşən laboratoriyalardan birində hantavirus saxlanılan iki sınaq şüşəsi itib.
Bu barədə “Mirror” nəşri məlumat yayıb.
Məlumata görə, Kvinslend ştatındakı dövlət laboratoriyalarından birində aparılan yoxlama zamanı mütəxəssislər təhlükəli virusların olduğu ümumilikdə 323 sınaq şüşəsinin çatışmadığını müəyyən ediblər.
İtən nümunələr arasında:
- hantavirus olan 2 sınaq şüşəsi,
- quduzluq virusuna yaxın olan lissavirus saxlanılan 223 şüşə,
- həmçinin Avstraliyanın ən təhlükəli zoonoz patogenlərindən hesab edilən Hendra virusu olan təxminən 100 şüşə yer alıb.
Bildirilir ki, biomateriallar hələ 2021-ci ildə soyuducu sistemlər arasında daşınma zamanı itib.
Lakin bu fakt yalnız 2024-cü ildə daxili yoxlamadan sonra üzə çıxıb.
Ehtimal olunur ki, nümunələrin bir hissəsi soyuducunun nasazlığı və sənədləşmədəki pozuntular səbəbindən təsadüfən məhv edilib.
Avstraliya Səhiyyə Nazirliyi oğurluq və ya sızma əlamətlərinin aşkar edilmədiyini bildirib.

