Yerətrafı orbitdə olmuş ilk və yeganə əfqan kosmonavtı Əbdül Əhəd Momand 67 yaşında vəfat edib.
“Ariana News” xəbər verir ki, Momand Almaniyanın Ştutqart şəhərində yerləşən xəstəxanalardan birində onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.
Onun vəfatı ilə bağlı məlumatı ailə üzvləri də təsdiqləyiblər. Bildirilib ki, Momand son illərdə ailəsi ilə birlikdə Almaniyada yaşayırdı və onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Əbdül Əhəd Momand 1959-cu il yanvarın 1-də Kabildən cənub-qərbdə yerləşən Qəzni vilayətində anadan olub. O, Kabul Politexnik İnstitutunun, Krasnodar və Kiyev aviasiya məktəblərinin, həmçinin Qaqarin adına Hərbi Hava Akademiyasının məzunu idi. Bundan əlavə, Momand SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Voroşilov adına Akademiyasını da bitirmişdi.

