Tailandda 11 yaşlı uşağın idarə etdiyi pikap yolda hərəkət edən buddist rahiblərin arasına girib.
Hadisə Tailandın Mukdahan əyalətinin Muang şəhərində baş verib. Qəza nəticəsində 8 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Məlumata görə, uşaq atasına məxsus avtomobili icazəsiz götürüb. Rəsmilər onun xüsusi qayğıya ehtiyacı olan uşaq olduğunu bildiriblər. Polis uşağı saxlayıb.
Həlak olanların hamısının buddist rahib olduğu qeyd edilir. Onlardan 5-i hadisə yerində, 3-ü isə xəstəxanada həyatını itirib.

Yaralanan 18 rahibdən 13-nün vəziyyətinin ağır olduğu açıqlanıb.
Hadisənin yerli vaxtla saat 11:55-də Na Si Nuan kəndi yaxınlığında baş verdiyi bildirilib. Məlumata görə, rahiblər Wat Roi Phra Phutthabat Phu Manorom məbədində yemək yedikdən sonra Don Tan rayonuna doğru piyada hərəkət edirmişlər.
Qəza anı ərazidəki təhlükəsizlik kameralarına da düşüb. Görüntülərdə pikapın yüksək sürətlə rahiblərin üzərinə sürdüyü və əyləc etmədiyi görünür.
Hadisə ilə bağlı araşdırma aparılır.

