“Fakel” klubunun yeni baş direktoru Dmitri Kondratov hücumçu Artyom Dzyubanın transferi üçün maliyyə axtarmağa hazır olduğunu bildirib.
Kondratovun sözlərinə görə, Dzyuba hələ də komandaya fayda verə biləcək futbolçudur.
“Artyom döyüşçüdür və bəlkə də sabah bunu istəyə bilər. O halda, əlbəttə, mən bunu nəzərdən keçirməyə hazıram. Tərəfdaşlara müraciət etməyə və bunun üçün pul axtarmağa da hazıram. Düşünürəm ki, kimsə vəsait ayırar. O, hələ də fayda verməyə qadirdir”, — deyə Kondratovun sözlərini “Ploşad” nəşri yayıb.
Qeyd edək ki, Dzyuba mayın 23-də “Akron”dan ayrıldığını açıqlayıb. Bu qərar “Rotor”la Rusiya Premyer Liqasında oynamaq hüququ uğrunda keçirilən ikinci keçid oyunundan sonra elan olunub.
Tolyatti təmsilçisi iki oyunun nəticəsinə əsasən qalib gəlib və yüksək diviziondakı yerini qoruyub.

