Keniyanın Kericho şəhərində Milli Kilsələr Şurasının ərazisində kütləvi məzarlıq aşkarlanıb. Bu barədə məlumatı BBC yayıb.
İlkin məlumatlara görə, əvvəlcə 13 cəsədin qonşu Nyamira bölgəsindəki xəstəxanadan qanunsuz çıxarılaraq bir yerdə basdırıldığı ehtimal edilirdi. Lakin ekshumasiya zamanı daha çox insan qalıqları aşkar edilib.
Bildirilir ki, cəsədlər torbalarda gizlədilib, onların bir qismi bütöv, digərləri isə parçalanmış vəziyyətdə tapılıb.
Hazırda məzarlıqda ümumilikdə 32 nəfərin qalıqlarının olduğu ehtimal edilir. Onlardan 7-si böyüklər, 25-i isə körpələr və embrionlardır. Mütəxəssislər qalıqların müxtəlif mərhələlərdə çürüdüyünü bildirir və onların mənşəyi hələ müəyyən edilməyib.
Keniyanın Milli Kilsələr Şurası hadisə ilə əlaqəsini inkar edib. Polis artıq iki şübhəlini – Nyamiradakı xəstəxananın əməkdaşını və qəbiristanlıq nəzarətçisini saxlayıb. Tapılan qalıqların kimə aid olduğunun müəyyənləşdirilməsi üçün araşdırmalar davam edir.

