Böyük Britaniyanın Kembric şəhərinin kənarında IX əsrə aid olduğu ehtimal edilən 10 vikinqin qalıqları aşkar edilib. Bu barədə People nəşri məlumat yayıb.
Tapıntı Kembric Universitetinin arxeologiya tələbələri tərəfindən edilib. Aşkarlanan sümüklər əsasən gənc kişilərə məxsusdur. Onlardan bəzilərinin əllərinin bağlı olduğu, birinin isə başının olmadığı bildirilib.
Qalıqlar arasında boyu 1,9 metrdən artıq olan və kəllə sümüyündə trepanasiya (cərrahi dəlik) izi olan bir skelet də var. Qeyd olunur ki, həmin dövrdə bu qədər hündürboylu insanlar nadir hallarda doğulurdu.
Alimlərin fikrincə, tapılan şəxslərin bir qismi ölüm hökmünə məhkum olunmuş ola bilər. Onların əvvəlcə fiziki cəzaya məruz qaldığı, daha sonra isə çalaya atıldığı ehtimal edilir. Digər skeletlərin isə döyüş qurbanlarına aid olduğu düşünülür.
Tədqiqatçılar hesab edirlər ki, bəzi parçalanmış qalıqlar əvvəlcə trofey kimi nümayiş etdirilib, sonra isə eyni çalaya atılıb. Tapıntılar eramızın IX əsrinə aid edilir.

