Nevroloq, narahatlıq pozuntularının müalicəsi üzrə mütəxəssis Yuliya Prokofyeva yuxusuzluqdan əziyyət çəkənlərə beyni “aldadaraq” yuxuya getmək yollarını açıqlayıb. Bu barədə o, RIAМО-ya müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, bu üsullar qoyun saymaq kimi klassik metodlar təsir etmədikdə istifadə oluna bilər. O izah edib ki, yuxuya getməyə nəzarət etməyə çalışmaq beynin planlaşdırma və nəzarətə cavabdeh olan prefrontal qabığını aktivləşdirir və bu da yuxuya keçidi çətinləşdirir.
“Yuxuya getmə prosesini nəzarətdə saxlamağa çalışmaq əks təsir yaradır”, — deyə Yuliya Prokofyeva bildirib.
Mütəxəssis qeyd edib ki, belə hallarda paradoksal niyyət texnikası kömək edə bilər. Bu üsulda insan gözlərini açıq saxlayaraq yuxuya getməməyə çalışır, bu isə əksinə, beyni rahatlaşdıraraq yuxunu asanlaşdırır.
Bundan əlavə, nevroloq kognitiv qarışdırma texnikasını da tövsiyə edib. Bu zaman insan təsadüfi və neytral obrazları təsəvvür etməyə başlayır, nəticədə beyin diqqətini itirir və yuxuya keçid baş verir.

