Xəstəliyin əlamətlərini internetdə axtarmaq narahatlığın artmasına səbəb ola bilər. Bu barədə Moskva vilayəti Səhiyyə Nazirliyinin Krasnoqorsk xəstəxanasının psixiatrı Yelena Kunakovskaya bildirib.
Onun sözlərinə görə, axtarış sistemləri sorğuya əsasən daha çox ağır və nadir xəstəliklər barədə məlumat təqdim edir, çünki bu cür materiallar daha çox diqqət cəlb edir.
“Sərt qayda qoyun: heç bir ‘doktor Google’. Simptomları internetdə axtarmaq narahatlıq üçün yanacaqdır. İnsan qorxduqca ən pis ssenarini təsdiqləmək istəyir. Axtarış alqoritmləri isə məhz klik yığan, qorxuducu xəstəlikləri göstərir”, – deyə Kunakovskaya vurğulayıb.
Psixiatr bildirib ki, insan orqanizmi ideal mexanizm deyil və bəzən yaranan yüngül narahatlıq ciddi xəstəlik əlaməti olmaya bilər. Əgər simptom gündəlik həyata – işə, yuxuya, qidalanmaya – təsir etmirsə, vəziyyəti bir neçə gün izləmək kifayətdir. Əksər hallarda funksional ağrılar 2–3 gün ərzində öz-özünə keçib gedir.
Həkim əlavə edib ki, xəstəlik axtarışı tez-tez obsesiv rituala çevrilir: limfa düyünlərini davamlı yoxlamaq, təzyiqi hər saat ölçmək, güzgü qarşısında bədəni araşdırmaq. Bu davranışları azaltmaq lazımdır. Onun sözlərinə görə, planlı tibbi müayinədən keçmək internetdə saatlarla axtarış aparmaqdan daha doğrudur.
Kunakovskaya qeyd edib ki, sağlamlıqla bağlı həddindən artıq narahatlıq narahatlıq pozuntusunun bir formasıdır və bu vəziyyət kognitiv-davranış terapiyası ilə effektiv müalicə olunur. O, belə hallarda diqqəti yayındırmağı, fiziki aktivliyi artırmağı və idmanla məşğul olmağı tövsiyə edib.

