Yuxu problemi varsa, bunun həlli bəzən sadəcə bir meyvə seçimində gizlənə bilər. Mütəxəssislər qeyd edirlər ki, yatmazdan əvvəl edilən qeyri-adi bir qəlyanaltı daha tez yuxuya getməyə və daha keyfiyyətli yatmağa kömək edə bilər.
Bu barədə Daily Express yazır.
Sağlam həyat tərzi üzrə mütəxəssislər axşam rutinə kivini əlavə etməyi tövsiyə edirlər. Bu meyvə beyində əhval və yuxu keyfiyyətinə cavabdeh olan serotonin maddəsinin ifrazını artırır. Bu səbəbdən sadə görünən bu qəlyanaltı bədənin rahatlamasını sürətləndirir və yuxunu daha dərin edir.

Yuxusuzluğa kömək etməklə yanaşı, kivi əsl vitamin mənbəyidir. Dietoloqlar bildirirlər ki, yüksək C vitamini, kalium və lif tərkibi immun sistemini gücləndirir və həzm sisteminin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Harvard Health araşdırmasına görə, meyvə və tərəvəzlərlə zəngin qidalanma ümumi sağlamlığı yaxşılaşdırır və daha keyfiyyətli yuxuya töhfə verir. Tədqiqatçılar qeyd edirlər ki, qida maddələri ilə zəngin məhsullar hormonların tənzimlənməsinə kömək edir və iltihabı azaldır ki, bu da yuxuya müsbət təsir göstərir.
Eyni zamanda bütün mütəxəssislər bu metodun effektivliyi ilə bağlı eyni fikirdə deyil. Böyük Britaniyanın Yuxu Fondu bildirir ki, kivinin təsiri ilə bağlı ilkin nəticələr ümidverici olsa da, yekun nəticə üçün daha geniş tədqiqatlara ehtiyac var.
Buna baxmayaraq, axşam bu meyvəni yemək orqanizmə zərər vermir. Mütəxəssislər vurğulayırlar ki, bu üsul ağır yuxu pozuntularının həlli deyil, lakin yuxunu təbii şəkildə yaxşılaşdırmaq üçün təhlükəsiz bir addım hesab olunur.

