Yuxuya getməzdən əvvəl baş verən qəfil diksinmələr və titrəmələr sinir sisteminin həddindən artıq oyanması ilə bağlıdır.
DenMedia.az xəbər verir ki, bunu evolyusionist və paleonevroloq alim Sergey Savelyev Pravda.Ru-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, günün gərgin və emosional keçməsi nəticəsində sinir impulsları yuxuya gedərkən də aktiv qalır və bu, bədənin refleksiv reaksiya verməsinə səbəb olur.
“Adətən bu cür diksinmələr artıq oyanıqlıqla əlaqəlidir. İnsan yuxuya dalarkən sinir sistemi tam sakitləşmir və qalan impulslar hələ də bədəndən keçir. Bu, uşaqlarda da, böyüklərdə də baş verən təbii reaksiyadır — sadəcə, beyin aktiv vəziyyətdən yuxu fazasına tam keçməyib,” — deyə Savelyev izah edib.
Alim vurğulayıb ki, bu hal patoloji sayılmır, sadəcə olaraq yuxuya hazırlıq və sakit mühit yaratmaq daha çox diqqət tələb edir.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                