Bahalı ləkə kremlərini, tava təmizləyicilərini və bitki gübrələrini bir kənara qoyun. Mətbəxdə çox vaxt zibil hesab edilən kartof qabığı tərkibindəki nişasta, vitamin və minerallar sayəsində gündəlik həyatda müxtəlif məqsədlərlə istifadə oluna bilər.
Kartof qabığı həm qənaətli, həm də tullantını azaltmağa kömək edən praktik vasitə kimi təqdim olunur. Onu dəriyə qulluqdan tutmuş mətbəx əşyalarının təmizlənməsinə və bitkilərin qidalandırılmasına qədər müxtəlif sahələrdə istifadə etmək mümkündür.
Kartofun tərkibindəki C vitamini və təbii maddələr qabıq hissəsində də olur. Bu səbəbdən kartof qabığı bəzən gözaltı nahiyəsində yorğun görünüşü azaltmaq və dəriyə daha təravətli görüntü vermək üçün istifadə edilir. Bunun üçün yaxşı yuyulmuş kartof qabıqları soyulduqdan sonra 10-15 dəqiqə soyuducuda saxlanılır. Daha sonra qabığın iç hissəsi dəriyə toxunacaq şəkildə gözaltına və ya günəş ləkəsi olan nahiyəyə qoyulur. Lakin həssas dərisi olan şəxslər bu üsulu ehtiyatla sınamalı, qıcıqlanma yaranarsa istifadəni dayandırmalıdır.
Kartof qabığı mətbəx əşyalarının parıldadılması üçün də istifadə oluna bilər. Zamanla matlaşan polad qazanlar, su izi qalan kranlar və paslanmağa meyilli metal səthlər kartof qabığındakı nişasta sayəsində daha təmiz görünə bilər. Bunun üçün qabığın ətli hissəsi parıldadılacaq səthə sürtülür, bir müddət saxlanılır, sonra ilıq su ilə yuyulur və quru parça ilə silinir.

Bitkilər üçün də kartof qabığından təbii qidalandırıcı su hazırlamaq mümkündür. Çünki kartof qabığında kalium, azot və fosfor kimi bitkilərin inkişafı üçün faydalı minerallar var. Təmiz kartof qabıqları bankaya qoyulur, üzərinə qaynar su əlavə edilir və 24 saat saxlanılır. Daha sonra süzülən su otaq temperaturuna çatdıqdan sonra bitkilərin dibinə tökülə bilər.
Kartof qabığını mətbəxdə qəlyanaltı kimi də dəyərləndirmək olar. Əgər kartoflar yaxşı yuyulubsa və təmizliyinə əminsinizsə, qabıqları atmaq əvəzinə onları xırtıldayan qəlyanaltıya çevirmək mümkündür. Qabıqlar yuyulub qurudulur, zeytun yağı, duz, istiot, qırmızı bibər tozu və kəklikotu ilə qarışdırılır. Daha sonra 200 dərəcəlik sobada və ya hava qızdırıcısında xırtıldayana qədər bişirilir.

Beləliklə, kartof qabığı sadə mətbəx tullantısı kimi görünsə də, düzgün istifadə edildikdə həm qənaətə, həm də tullantıların azalmasına kömək edə bilər.

