NEWS.ru-ya açıqlamasında psixosomatoloq, mental sağlamlıq üzrə mütəxəssis Yelena Verşinina bildirib ki, qəzəb və bağışlanmamış inciklik kimi neqativ emosiyalar bədəndə xəstəliklərin yaranmasına səbəb ola bilər. Onun sözlərinə görə, daxili gərginlik adrenalin və kortizolun artmasına gətirib çıxarır.
“Hiss etdiyiniz emosiyalar birbaşa fiziki vəziyyətə təsir edir. Ən dağıdıcı təsirə malik olanlar qəzəb, inciklik və daxili narazılıqdır. Həll olunmamış problemlər güclü miqrenlərə, uzunmüddətli stress isə boyun və çiyin nahiyəsində xroniki ağrılara səbəb olur. Bağışlanmamış incikliklər isə həzm sistemi problemləri yarada bilər”, — deyə Yelena Verşinina xəbərdarlıq edib.
O vurğulayıb ki, uzunmüddətli neqativ emosiyalar xəstəliklərə yol açdığı halda, pozitiv emosiyalar əksinə, sağalma prosesini sürətləndirir. Onun sözlərinə görə, sevinc və gülüş serotonin və endorfinlərin ifrazını artıraraq immuniteti gücləndirir və ümumi vəziyyəti yaxşılaşdırır.

