Superqida və ekzotik məhsulların daha çox diqqət çəkdiyi bir dövrdə adi kartofun faydaları çox vaxt kölgədə qalır. Halbuki düzgün hazırlandıqda kartof həzm sistemi və bağırsaq mikroflorası üçün faydalı ola bilər.
Həkim Yuri Qaborts bildirib ki, əsas məsələ kartofun özü deyil, onun hansı üsulla hazırlanmasıdır. Məhz bişirmə forması məhsulun orqanizmə təsirini müəyyən edir.
Kartofun faydasının sirri
Qaynadılmış kartofun tərkibində rezistent nişasta yaranır. Bu maddə nazik bağırsaqda tam həzm olunmur və yoğun bağırsaqda faydalı bakteriyalar üçün qida rolunu oynaya bilər.
Kartof qaynadıldıqdan sonra soyudulduqda rezistent nişastanın miqdarı daha da artır. Bu səbəbdən soyudulmuş qaynadılmış kartof bağırsaqların normal fəaliyyətinə və mikrobiomun dəstəklənməsinə kömək edə bilər.
Mütəxəssisin sözlərinə görə, belə kartof həzm sistemində iltihabi proseslərin azalmasına yardım göstərə, qıcıqlanmış bağırsaq sindromu olan bəzi insanlarda isə daha yaxşı qəbul edilə bilər.
Kartof qan şəkərinə necə təsir edir?
Kartofun qanda şəkər səviyyəsinə təsiri də hazırlanma üsulundan asılıdır.
Qızardılmış kartof və kartof püresi qlükozanın daha sürətli yüksəlməsinə səbəb ola bilər. Soyudulmuş qaynadılmış kartofun isə glisemik təsiri nisbətən aşağı ola bilər.

Bununla belə, şəkərli diabeti olan şəxslər porsiya ölçüsünə diqqət etməli və rasiondakı dəyişiklikləri həkimlə razılaşdırmalıdırlar.
Yaşıl kartofdan uzaq durun
Həkim xəbərdarlıq edib ki, yaşıllaşmış kartofu yemək olmaz. Belə kartofda solanin və digər toksik qlikoalkaloidlərin miqdarı arta bilər.
Az duzla hazırlanmış, yağlı souslar əlavə edilməmiş keyfiyyətli qaynadılmış kartof isə asan həzm olunur və həssas mədəsi olan şəxslər üçün daha uyğun seçim sayıla bilər.

Nəticə etibarilə, adi kartof da düzgün bişirildikdə faydalı məhsula çevrilə bilər. Əsas məsələ onu qızartmaq əvəzinə qaynatmaq, soyutmaq və ölçülü şəkildə qəbul etməkdir.

