Şahzadə Diananın həyat yoldaşı, o vaxtkı şahzadə Çarlzın münasibətdə olduğu Kamilla Parker Boulsla ilk dəfə üz-üzə gəldiyi ev satışa çıxarılıb.
Əmlakçılar tərəfindən “Londonun ən diqqətçəkən şəxsi iqamətgahlarından biri” kimi təqdim olunan malikanənin qiyməti böyük maraq doğurub. 2025-ci ildə 91 yaşında vəfat edən Lady Annabel Goldsmithə məxsus mülk 25 milyon funt sterlinqə satışa çıxarılıb.
Londonun ən seçilən yaşayış evlərindən biri hesab edilən bu malikanə həm də Şahzadə Diana ilə hazırkı Kraliça Kamilla arasında yaşanan gərgin qarşılaşmanın məkanı kimi tanınır.

Hadisə 1989-cu ildə, kral evliliyindəki problemlərin hələ ictimaiyyətə tam məlum olmadığı dövrdə baş verib. Həmin vaxt Kamillanın bacısı Annabel Elliotın 40 illik yubiley mərasimi bu evdə təşkil olunmuşdu.

Lady Annabel Goldsmith Şahzadə Diananın yaxın rəfiqəsi olsa da, Kamillanın da həmin məclisdə iştirak etdiyini bildiyi üçün Diananın gələcəyini gözləmədiyini demişdi. O, həmin günü belə xatırlamışdı:
“Dəvətnamədə Diananın adı var idi, amma hamı bilirdi ki, o, Kamillanın olduğu məclislərdən uzaq durur. Onun gələcəyini bir an belə düşünməmişdim.”

Məclis zamanı qonaqların yuxarı mərtəbəyə qalxdığı bir anda Diana fürsətdən istifadə edərək Çarlzın harada olduğunu yoxlamaq üçün aşağı düşüb. O, Çarlz və Kamillanı bir kişi dostları ilə birlikdə oturarkən görüb. Diana otaqdakı kişilərə müraciət edərək belə deyib:
“Bizi tək buraxa bilərsiniz? Kamilla ilə tək danışmaq istəyirəm.”

Otaqda yalnız Diana və Kamilla qaldıqdan sonra şahzadə ona bu sözləri deyib:
“Sadəcə bunu bilməyini istəyirəm: baş verən hər şeydən tam xəbərdaram. Sizi narahat etdiyim üçün üzr istəyirəm, bu, hər ikiniz üçün də cəhənnəm kimi olmalıdır. Amma məni axmaq yerinə qoymayın.”

Kamilla isə cavabında belə deyib:
“İstədiyin hər şeyə sahibsən. Dünyadakı bütün kişilər sənə aşiqdir, iki gözəl övladın var. Daha nə istəyə bilərsən?”
Diananın cavabı isə qısa və kəskin olub:
“Ərimi istəyirəm.”

