Qan analizi verməzdən əvvəl mütləq ac qalmaq lazım olduğu barədə yayılmış fikir bütün müayinələr üçün doğru deyil. Bəzi analizlərdə ciddi aclıq tələb olunmur.
RT-nin məlumatına görə, bunu “SM-Klinika”nın terapevti Şota Kalandiya bildirib.
Həkimin sözlərinə görə, HİV, virus hepatitləri və sifilis üçün qan analizləri əksər hallarda ciddi şəkildə acqarına verilməli deyil. Seroloji müayinələrdə qida qəbulu nəticələrə adətən ciddi təsir göstərmir. Bununla belə, konkret laboratoriyanın xüsusi tələbləri varsa, onlara əməl etmək lazımdır.
Mütəxəssis qeyd edib ki, ümumi qan analizi üçün də uzun müddət ac qalmaq çox vaxt tələb olunmur. Ancaq ağır və yağlı yeməklərdən uzaq durmaq məsləhətdir, çünki belə qidalar qan serumunu bulanıqlaşdıra və bəzi göstəriciləri müvəqqəti dəyişə bilər.

Bəzi hormonal analizlər də yeməkdən sonra verilə bilər. Lakin bu, konkret hormonun növündən asılı olduğu üçün əvvəlcədən həkim və ya laboratoriya əməkdaşı ilə dəqiqləşdirmək tövsiyə olunur.
Biokimyəvi qan analizləri, xüsusilə qlükoza, lipid profili, xolesterin və triqliseridlər yoxlanılırsa, analizi acqarına vermək daha məqsədəuyğundur.
Kalandiya bildirib ki, belə analizlərdən əvvəl səhər yeməyi yeməmək yaxşıdır. Eyni zamanda, həddindən artıq uzun müddət ac qalmaq lazım deyil – 12 saatdan artıq aclıq tövsiyə olunmur.

