İnsan beyni kalorili qidanı sanki “xilas mənbəyi” kimi qəbul edir.
Bu barədə NEWS.ruya açıqlamasında Moskva vilayəti Səhiyyə Nazirliyinin Krasnoqorsk Klinik Xəstəxanasının həkim-psixoterapevti Yelena Kunakovskaya bildirib.
Onun sözlərinə görə, insan orqanizminin əsas instinkti özünü qorumaq və sağ qalmaqdır. Buna görə də beyin ilk növbədə sağlamlıq deyil, enerji mənbəyi axtarır.
Həkim qeyd edib ki, şəkər və yağ beyin üçün “super yanacaq” kimi qəbul olunur. Qədim dövrlərdə vəhşi təbiətdə yetişmiş şirin meyvə və ya yağlı heyvan tapmaq insan üçün sağ qalmaq şansı demək idi.
“Beyin sağlamlıq yox, enerji axtarır. Şəkər və yağ super yanacaqdır. Vəhşi təbiətdə yetişmiş şirin meyvə və ya yağlı heyvan tapmaq sağ qalmaq şansı verən uğur idi. Tərəvəzlərin acı dadı isə çox vaxt zəhər siqnalı sayılırdı. Orqanizm kalorili "bomba"dan sevinir, dadsız toyuq filesini isə aclıq dövrü kimi qəbul edir”, deyə Kunakovskaya izah edib.
Mütəxəssisin sözlərinə görə, məhz buna görə insanlar çox vaxt sağlam qidadan daha çox şirin, yağlı və kalorili məhsullara meyil göstərirlər. Bu, sadəcə iradəsizlik deyil, həm də beynin min illər ərzində formalaşmış sağ qalma mexanizmi ilə bağlıdır.
Lakin müasir dövrdə problem ondadır ki, yüksək kalorili qidalar artıq nadir tapılan enerji mənbəyi deyil. Onlar hər yerdə əlçatandır. Buna görə də beyin “xilas” kimi gördüyü qidanı çox istəyə bilər, amma bu vərdiş uzun müddətdə artıq çəki, metabolik pozuntular və sağlamlıq problemləri yarada bilər.

