Xurmanın qabığı, tumları və yarpaqlarında iltihabı və oksidləşdirici stresi azaltmağa, həmçinin şəkər və yağ mübadiləsinə müsbət təsir göstərməyə potensial olaraq kömək edən maddələr aşkarlanıb.
Bu nəticəyə avstraliyalı alimlər əvvəlki tədqiqatları təhlil etdikdən sonra gəliblər. Araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.
Alimlər 2000–2025-ci illərdə xurma ilə bağlı aparılmış tədqiqatları nəzərdən keçiriblər. Məlum olub ki, adətən atılan qabıq, tum və yarpaqlar belə fenol turşuları, flavonoidlər, karotinoidlər, taninlər və qida lifləri ilə zəngindir.

Laboratoriya tədqiqatlarında bu maddələrin xüsusilə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri diqqət çəkib. Onların hüceyrələrə zərər verən aktiv oksigen formalarını neytrallaşdırmağa və xroniki iltihabla əlaqəli prosesləri zəiflətməyə kömək etdiyi müəyyənləşdirilib.

Hüceyrələr və heyvanlar üzərində aparılan tədqiqatlarda xurmanın tərkibindəki bəzi komponentlərin qlükoza və yağ mübadiləsinə təsir göstərdiyi, həmçinin qanda yüksək lipid səviyyəsinin azalmasına kömək edə biləcəyi müşahidə olunub.
Xurmanın tərkibindəki bəzi maddələr müəyyən bakteriya və mikroorqanizmlərin inkişafını zəiflədən antimikrob xüsusiyyətlər də göstərib.

Tədqiqat müəllifləri hesab edirlər ki, xurmanın qabığı, tumları və digər emal qalıqlarından gələcəkdə funksional qidaların və qida əlavələrinin hazırlanmasında istifadə oluna bilər. Bununla belə, qeyd olunan təsirlərin böyük hissəsi laboratoriya və heyvan tədqiqatlarında müşahidə edilib və insanlar üzərində əlavə araşdırmalara ehtiyac var.

