Ohayo Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, tərkibində yüksək miqdarda likopin və izoflavonlar olan pomidor-soya şirəsi piylənmədən əziyyət çəkən insanlarda iltihabı azalda bilər.
Araşdırmanın nəticələri Molecular Nutrition & Food Research jurnalında dərc olunub.
Təcrübədə piylənmədən əziyyət çəkən 12 yetkin şəxs iştirak edib. Onlar dörd həftə ərzində hər gün iki kiçik banka pomidor-soya şirəsi içiblər. Daha sonra fasilədən sonra aktiv birləşmələrin miqdarı az olan nəzarət məqsədli pomidor şirəsinə keçiblər.

Məlum olub ki, məhz pomidor-soya içkisi qanda üç iltihabyaradıcı zülalın — IL-5, IL-12p70 və GM-CSF səviyyəsini azaldıb. Alimlər həmçinin xroniki iltihab markerlərindən biri olan TNF-α səviyyəsində də azalma meyli müşahidə ediblər. Lakin bu nəticə statistik baxımdan əhəmiyyətli həddə çatmayıb.
Müəlliflər bu təsiri pomidordakı likopin və soyadakı izoflavonlarla əlaqələndirirlər. Bu bitki mənşəli birləşmələr daha əvvəl potensial antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik maddələr kimi araşdırılıb.

Sidik nümunələrinin əlavə analizi də göstərib ki, içki orqanizmdə bir sıra biokimyəvi prosesləri həqiqətən dəyişib.
Tədqiqatçılar hesab edirlər ki, belə məhsul xroniki iltihabla əlaqəli hallarda perspektivli funksional qidalanma variantı kimi nəzərdən keçirilə bilər.

