Dəvə südünün yüksək yağlı qidalanma fonunda çəki artımını və maddələr mübadiləsində yaranan pozuntuları azaltmağa kömək etdiyi müəyyənləşdirilib. Araşdırma siçanlar üzərində aparılıb.
Bu barədə “Frontiers in Nutrition” jurnalında dərc olunan araşdırmada bildirilib.
Tədqiqat çərçivəsində siçanlar yeddi həftə ərzində adi və ya yüksək yağ tərkibli qidalarla bəsləniblər. Yüksək yağlı qidalanan heyvanların bir qrupuna əlavə olaraq dəvə südü verilib.
Nəticələr göstərib ki, dəvə südü qəbul edən siçanlarda bədən çəkisi və yağ toxumasının miqdarı yalnız yüksək yağlı qida qəbul edən heyvanlarla müqayisədə daha az olub. Onların qanında triqliseridlərin və “pis” LDL xolesterinin səviyyəsi də aşağı düşüb.

Bundan başqa, dəvə südü qaraciyərdə yağ toplanmasını azaldıb və yüksək yağlı qidalanmanın pozduğu bağırsaq mikroflorasının tərkibini qismən bərpa edib. Bağırsaqda maddələr mübadiləsinin tənzimlənməsində iştirak edən qısazəncirli yağ turşularının səviyyəsində artım qeydə alınıb.
Alimlər hesab edirlər ki, bu təsir dəvə südünün eyni zamanda bağırsaq mikroflorasına və qaraciyərdə yağ mübadiləsinə təsiri ilə əlaqəli ola bilər.
Bununla belə, tədqiqat siçanlar üzərində aparılıb. Buna görə də dəvə südünün piylənmə zamanı insan orqanizminə eyni təsiri göstərib-göstərmədiyini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

