Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçılarına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, təməli Azərbaycan Prezidenti tərəfindən 2021-ci ildə qoyulan məscid tarixi şəhərin yeni, müasir simvolu kimi inşa olunur.
Məscid Zəfər Gününün rəmzi olan 8 rəqəmi formasında tikilir. Kompleks əsas və inzibati binalardan, eləcə də kişilər və qadınlar üçün dəstəmaz yerlərindən ibarət olacaq.
Məscidin 73 metr hündürlüyündə iki minarəsi Şuşanın ilin on birinci ayında azad edilməsini ifadə edən 11 rəqəmini simvolizə edəcək.
Binanın xarici fasadı Şuşanın qədim məscidinin minarələrində istifadə olunan həndəsi ornamentlərlə bəzədiləcək. Tikinti işləri “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilir.
Yeni məscid azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq layihələrindən biri kimi Qarabağın dirçəlişini və xalqın milli-mənəvi dəyərlərə bağlılığını əks etdirir.





