Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Liderlər Yaxın Şərqdəki gərgin vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər. Ümumilikdə, danışığın detalları tam açıqlanmasa da, Tel-Əvivin ABŞ-dakı nüfuzundan istifadə edərək Moskvaya jest edəcəyi iddia olunur.
Putin və Netanyahu danışığında ictimaiyyətə açıqlanmayan nə kimi məqamlar var?
Den.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli Rusiya və İsrailin müttəfiq olduğunu deyib:
“Netanyahu Fələstində, Putin isə Ukraynada zorakılıq törədir. İki hadisəni müqayisə etmək çətindir, çünki Fələstindəki qətliam daha geniş miqyaslıdır. Lakin hər iki ölkə təcavüzkar hərəkətlər sərgiləyir, mülki insanları, o cümlədən uşaqları və yaşlıları hədəf alır. Ardınca bir-birilərinə zəng edirlər, Netanyahu yardım edəcəyini bildirir, Putin öz təkliflərini irəli sürür. Bu vəziyyət iki təcavüzkarın və işğalçı gücün bir-birini dəstəkləyərək cinayətkar siyasətlərini davam etdirmələrinin bir nümunəsidir. Bu, həm də beynəlxalq hüququn və ədalətin olmamasını, hər kəsin öz istədiyini etdiyini bir daha göstərir”.
Politoloq xatırladıb ki, liderlər telefon danışığı zamanı beynəlxalq arenada gündəm olan məsələləri müzakirə edib:
“Suriyanın gələcəyi, Yaxın Şərqdəki gərginlik, İsrailin İranla əlaqələri, habelə Rusiya ilə iqtisadi əməkdaşlıq müzakirə mövzularından ola bilər. Həmçinin iki ölkə arasında iqtisadi sahədə, xüsusilə enerji, ticarət və texnologiya sahələrində əməkdaşlığın artırılması məsələləri də masada ola bilər. Moskva ilə beynəlxalq aləmdəki sanksiyalar və iqtisadi təzyiqlər barədə də fikir mübadiləsi mümkündür. Fikrimcə, Netanyahu ABŞ-la olan münasibətlərindən istifadə edərək, bu sanksiyaların aradan qaldırılması üçün mümkün töhfələr təqdim edə bilər”.