BMT-nin baş katibi Antonio Quterreş Kiyevdə Azərbaycanın səfirliyinə edilən yeni raket hücumunu qəti şəkildə pisləyib.
Denmedia.az xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dujarrikin bəyanatında qeyd olunur.
Sənəddə vurğulanır ki, Rusiya Federasiyasının bu gün Ukraynanın müxtəlif bölgələrinə endirdiyi kütləvi raket və dron zərbələri nəticəsində Kiyevdə azı altı nəfər, Çernomorskda isə iki nəfər həlak olub. Bir çox mülki şəxs yaralanıb, həmçinin yaşayış və enerji infrastrukturu, o cümlədən Azərbaycan səfirliyinin binası ciddi zərər görüb.
Bəyanatda qeyd edilir ki, mülki obyektlərə və əhaliyə hücumlar beynəlxalq humanitar hüququ pozur və istənilən yerdə baş verməsindən asılı olmayaraq tamamilə qəbuledilməzdir. Quterreş diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini bir daha xatırladıb və bu cür hücumların dərhal dayandırılmasına çağırıb.
Baş katib həmçinin Ukraynada tam, dərhal və qeyd-şərtsiz atəşkəsə ehtiyac olduğunu vurğulayıb və bunun ədalətli, hərtərəfli və davamlı sülhə gedən ilk addım olduğunu bildirib. O, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq Ukraynanın suverenliyinə, müstəqilliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.

