Rusiya Prezidenti Vladimir Putin geologiya üzrə tanınmış alim, geoloji-mineraloji elmlər doktoru Vaqif Kərimovu mükafatlandırıb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, imzalanmış sərəncama əsasən, Vaqif Yunus oğlu Kərimov “Rusiya Federasiyasının Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.
Geoloji-mineraloji elmlər doktoru, professor Vaqif Kərimov geologiya, neft və qaz yataqlarının kəşfiyyatı sahəsində aparıcı alimlərdən biri hesab olunur və 50 ildən artıqdır ki, elmi və pedaqoji fəaliyyətlə məşğuldur.
O, karyerası ərzində həm Sovet İttifaqında, həm də Rusiya Federasiyasında müxtəlif universitetlərdə rəhbər vəzifələrdə çalışıb. Bu çərçivədə o, 2009–2018-ci illərdə İ.M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində neft və qazın kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri olub.
2017-ci ildən etibarən isə o, Moskvada yerləşən Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində karbohidrogen yataqlarının geologiyası və kəşfiyyatı kafedrasına rəhbərlik edir.

