Yaxın Şərqdə gərginliyin artması fonunda Azərbaycan Avropa İttifaqı üçün getdikcə daha vacib strateji tərəfdaşa çevrilir.
Bu barədə Euronews telekanalının saytında yayımlanan analitik məqalədə qeyd olunur.
“Azərbaycan ilə Aİ arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə daxil olub və siyasət, iqtisadiyyat və enerji təhlükəsizliyi sahələrində getdikcə daha çox strateji xarakter alır. İnvestisiyaların artması, texnoloji nailiyyətlərin mübadiləsi və viza rejiminin sadələşdirilməsi bu əlaqələri daha da gücləndirə bilər.”
Qeyd edilir ki, Avropa Şurasının sədri Antonio Koştanın 11–12 mart 2026-cı il tarixlərində Azərbaycana səfəri ikitərəfli münasibətlərdə mühüm mərhələ hesab oluna bilər. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Koşta arasında görüş keçirilib.
Danışıqların yekununda verilən birgə bəyanatlar tərəflərin iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və digər əsas sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətini göstərir.
Avropa İttifaqı Azərbaycanı xüsusilə enerji təhlükəsizliyi və idxalın şaxələndirilməsi baxımından strateji tərəfdaş hesab edir.
“2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq üzrə anlaşma memorandumu Azərbaycan qazının Avropa bazarına tədarükünün artırılmasını nəzərdə tutur. Bu kontekstdə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. 2025**-ci ildə Azərbaycan Avropaya qaz tədarükünü 2021-ci illə müqayisədə təxminən 60% artıraraq 13 milyard kubmetrə çatdırıb.”
Son geosiyasi hadisələr Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətini daha da artırıb.
“Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən geostrateji mövqeyi və sabit siyasəti onu Aİ üçün əvəzolunmaz tərəfdaşa çevirir. Gələcəkdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.”
Qeyd olunur ki, Koştanın Bakıya səfəri regionda təhlükəsizlik risklərinin artdığı bir dövrdə Avropa İttifaqının siyasi dəstəyinin göstəricisi kimi də qiymətləndirilə bilər.
“Azərbaycan davamlı sülh, əməkdaşlıq və iqtisadi inkişafı təmin etməyə yönəlmiş müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirən dövlət kimi tanınır.”
Koşta görüşlər zamanı vurğulayıb ki, Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik Avropa İttifaqının strateji maraqlarına uyğundur.

