Gənc prodüser Tey Kit ABŞ-ın Tennessi ştatının Neşvill şəhərindəki mənzilində ölü tapılıb.
Bu barədə Rolling Stone məlumat yayıb.
Əsl adı Britavius Çembers olan prodüserin 29 yaşı var idi.
Tey Kit Eminem, Trevis Skott, Dreyk və Beyons kimi dünyaca məşhur sənətçilərin hitlərinin yaradılmasında iştirak edib. O, həmçinin “Qremmi” mükafatına namizəd olmuşdu.
Neşvill polisinin açıqlamasına görə, prodüserin ölümü ilə bağlı kriminal əlamət aşkar edilməyib.
Məlumata əsasən, polis əməkdaşları Tey Kitin vəziyyətindən narahat olan tanışlarının müraciətindən sonra onun mənzilinə gediblər.
Musiqi fəaliyyəti ilə yanaşı, prodüser xeyriyyə layihələrində də aktiv iştirak edirdi.
2025-ci ildə Milad bayramı ərəfəsində o, Memfisdə yerləşən Afrika-Amerika Musiqisi Milli Muzeyi ilə əməkdaşlıq edərək gənclər üçün hədiyyə və qida yardımı təşkil etmiş, həmçinin seminar və muzeyə pulsuz ziyarət proqramı həyata keçirmişdi.
Tey Kit daha əvvəl çətin uşaqlıq illəri keçirdiyini və gənclərə öz nümunəsi ilə dəstək olmaq istədiyini bildirmişdi. Prodüser məqsədinin gənclərə çətinliklərə baxmayaraq uğur qazanmağın mümkün olduğunu göstərmək olduğunu deyirdi.

