Qeyd etdiyimiz kimi, Türkiyə teatrı və kinosunun ən böyük simalarından biri, ustad aktyor Zihni Göktay müalicə aldığı xəstəxanada 81 yaşında vəfat edib.
Səhnəyə qoyduğu saysız-hesabsız tamaşalar, canlandırdığı unudulmaz obrazlar və xüsusilə “Lüküs Hayat” müziklindəki əfsanəvi Rıza rolu ilə bir neçə nəslin yaddaşına həkk olunan sənətkarın ölümü sənət aləmində böyük kədər yaradıb.
Ömrünün 80 ildən çoxunu sənətə həsr edən və Türkiyə teatrının ən hörmətli adlarından biri sayılan Zihni Göktay üçün bu gün Harbiye Muhsin Ertuğrul səhnəsində vida mərasimi keçirilib.
Mərasimdə ustad aktyorun çoxsaylı dostları, həmkarları və sənətsevərlər iştirak ediblər. Zihni Göktayın ailəsinə başsağlığını isə mərasimdə oğlu qəbul edib.
Vida mərasimində çıxış edən oğlu Ömer Göktay atasının vəsiyyətini bölüşərək duyğulu anlar yaşadıb.
“Atam dünyadan gözü açıq getmədi. Onun vəsiyyəti bizi teatr səhnələrində görmək idi, biz də bu vəsiyyəti yerinə yetiririk”, - deyə Ömer Göktay bildirib.
Zihni Göktayın qızı Zeynep Göktay isə atasının vida mərasimində onun illər əvvəl özünə yazdığı məktubu oxuyub.
O bildirib ki, atası kimi təsirli danışa bilmədiyi üçün sənət yoluna başladığı vaxt atasının ona yazdığı sözləri səsləndirmək istəyir:
“Mən atam qədər gözəl danışa bilmədiyim üçün onun bu sənətə ilk addım atdığım zaman mənə yazdığı məktubu oxuyacağam. Bu yazıda onun həyat fəlsəfəsini, sənətə olan sevgisini və ailəsinə bağlılığını öz sözləri ilə eşidəcəksiniz”, - deyə Zeynep Göktay bildirib.
Məktubda Zihni Göktay qızına sənət yolunda belə səslənib:
“Qırx il əvvəl mənə də atam dəstək olmuşdu. Min bir çətinliyinə baxmayaraq, seçdiyimə heç vaxt peşman olmadığım bu gözəl sənətdə ilk addımı atmağım üçün yanımda olmuşdu. Əgər bu bir bayraq yarışıdırsa, mən də sənə yolun açıq olsun deyirəm, gözəl qızım. Məqsədin hər zaman zirvə olsun, ən yaxşısı olmağa çalış. Təkcə istedad kifayət etmir. Dürüstlük, məsuliyyət hissi, yorulmadan, bezmədən, inadla çalışmaq lazımdır. İndi sənə Zihni Göktayın qızı Zeynep deyirlər. Gələcəkdə isə mənə Zeynep Göktayın atası desinlər”.

