Bu gün Azərbaycanın Milli Qəhrəmanı, xalqımızın igid və qorxmaz oğlu Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. O, 2005-ci ildə doğulduğu kənddə şəhid Malik Piriyev adına orta məktəbi əla qiymətlərlə bitirib.
2006-cı ilin martında Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Mübariz İbrahimov Daxili Qoşunlarda xidmət edib. 2007-ci il noyabrın 20-də yarımqrup komandiri kimi ehtiyata buraxılıb.
Lakin o, 2009-cu il sentyabrın 18-də yenidən hərbi xidmətə qayıdıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizirlik kursunu bitirdikdən sonra motoatıcı taborun bölük komandirinin müavini kimi ön xəttdə xidmətini davam etdirib.
2010-cu il iyunun 19-na keçən gecə Mübariz İbrahimov Tərtərin Çaylı kəndi istiqamətində qeyri-bərabər döyüşdə böyük qəhrəmanlıq göstərərək şəhid olub.
Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi müstəsna xidmətlərə və şücaətə görə Prezident İlham Əliyevin sərəncamı ilə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

