“20 Yanvar” metrostansiyasından Müşfiqabad qəsəbəsinə hərəkət edən 114B nömrəli müntəzəm marşrut avtobuslarının sərnişinləri nəqliyyat vasitələrinin texniki və sanitar vəziyyətindən narazıdırlar.
DenMedia.az xəbər verir ki, bu barədə Xəzər Xəbər məlumat yayıb.
Sakinlərin sözlərinə görə, xətt üzrə hərəkət edən avtobuslar nasaz vəziyyətdə istismar olunur, salonlarda zədələnmiş oturacaqlar var, bəzi avtobuslarda isə kondisioner işləmir və ya ümumiyyətlə yoxdur. Sərnişinlər bildirirlər ki, xüsusilə isti havalarda bu marşrutla hərəkət etmək çox çətin və narahat olur.
Şikayətçilər onu da qeyd edirlər ki, avtobuslar bəzən reys zamanı sıradan çıxır. Bu halda sərnişinlər növbəti avtobuslara minməli olur ki, nəticədə salonlarda sıxlıq yaranır.
Sakinlərin sözlərinə görə, problem yalnız yay ayları ilə məhdudlaşmır. Qışda da köhnə avtobuslar marşrut üzərindəki yoxuşları çətinliklə qalxır, bu isə sərnişinlər üçün əlavə narahatlıq yaradır.
Vətəndaşların müraciətlərinə cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi — AYNA bildirib ki, daşıyıcı yaxın vaxtlarda 114B nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus parkını tam yeniləməyi planlaşdırır.

