Moskva ABŞ prezidenti Donald Trump administrasiyasının Rusiya prezidenti Vladimir Putinin Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Müqavilə (DSNV) çərçivəsində mövcud limitlərin qorunması ilə bağlı təşəbbüsünə reaksiya verəcəyini gözləyir. Bu barədə TASS agentliyinə müsahibəsində Rusiyanın ATƏT yanında yeni daimi nümayəndəsi Dmitri Polyanski bildirib.
Onun sözlərinə görə, bu sahə hələ də ABŞ prezidenti və onun administrasiyası tərəfindən əvvəlki yanaşmaların yenidən nəzərdən keçirilmədiyi istiqamətlərdən biridir. Polyanski qeyd edib ki, ABŞ uzun illər ərzində silahlara nəzarət mexanizmlərini ardıcıl şəkildə zəiflədib və bu sahədə yalnız DSNV müqaviləsi qüvvədə qalıb. Həmin müqavilənin müddəti 2026-cı ilin fevralında başa çatır.
“Ümid edirik ki, amerikalılar sonda Vladimir Vladimiroviç Putinin DSNV üzrə kəmiyyət limitlərinin könüllü özünü-məhdudlaşdırma yolu ilə azaldılması təşəbbüsünə cavab verəcəklər”, — deyə Dmitri Polyanski vurğulayıb.

