Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, 29 dekabr gecəsi Ukraynaya məxsus pilotsuz uçuş aparatları Novqorod vilayətində yerləşən Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücum etməyə cəhd göstərib.
Nazirin sözlərinə görə, iqamətgaha yönəlmiş hücumda ümumilikdə 91 dron iştirak edib. Lavrov əlavə edib ki, itkilər və dağıntılar barədə məlumat yoxdur.
“Rusiya Silahlı Qüvvələri tərəfindən cavab zərbələri üçün obyektlər və onların endiriləcəyi vaxt artıq müəyyən edilib”, — deyə Lavrov bildirib.
O vurğulayıb ki, Rusiya ABŞ-la danışıqlar prosesindən çıxmaq niyyətində deyil, lakin ölkənin danışıqlardakı mövqeyi yenidən nəzərdən keçiriləcək.
Ukrayna prezidenti Volodimir Zelenski isə Lavrovun açıqlamasını “növbəti yalan” adlandırıb. Zelenskinin fikrincə, Moskva bu bəyanatla danışıqlar prosesinə mane olmağa və Kiyevdə hökumət binalarına mümkün zərbə üçün zəmin hazırlamağa çalışır.
Bu arada Rusiya prezidentinin köməkçisi Yuri Ushakov bildirib ki, Putin ABŞ prezidenti Donald Trump ilə yeni telefon danışığı aparıb. Danışıqlar zamanı Novqorod vilayətindəki iqamətgaha hücum cəhdi müzakirə olunub.
Uşakovun sözlərinə görə, Tramp baş verənlərdən şoka düşüb və ciddi narazılıq ifadə edib, hadisə isə Vaşinqtonun Zelenskiyə yanaşmasına təsir göstərəcək. Putin isə hücumun cavabsız qalmayacağını və Rusiyanın danışıqlar mövqeyini yenidən nəzərdən keçirəcəyini bəyan edib.

