Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, Üçüncü dünya müharibəsinin qarşısını almaq son dərəcə çətin olacaq və bu müharibə artıq faktiki olaraq başlamış ola bilər, sadəcə hələlik rəsmi şəkildə belə adlandırılmır.
Bu barədə o, Almaniyanın Berliner Zeitung qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, neft, qaz, faydalı qazıntılar, nadir metallar və digər resurslar uğrunda mübarizə artıq uzun müddətdir davam edir.
“Üçüncü dünya müharibəsinin qarşısını almaq çətin olacaq. Ola bilər ki, o artıq başlayıb, sadəcə biz bunu hələ rəsmi şəkildə belə adlandırmırıq”, – deyə Vuçiç qeyd edib.
Serbiya lideri vurğulayıb ki, hazırda bir çox beynəlxalq oyunçular daha böyük münaqişələrə hazırlaşarkən paralel şəkildə vaxt qazanmağa çalışır. Bu fonda o, taktiki nüvə silahının istifadə ehtimalını da istisna etməyib.
Vuçiç həmçinin xatırladıb ki, Birinci və İkinci dünya müharibələri də regional münaqişələrdən başlayaraq sonradan hərbi-siyasi blokların formalaşmasına gətirib çıxarmışdı.
Onun qiymətləndirməsinə görə, böyük dövlətlərin maraqlarının toqquşması və qarşılıqlı güzəştə getmək istəməməsi eskalasiya üçün zəmin yaradır.
Bundan əlavə, Serbiya prezidenti bildirib ki, aparıcı dövlətlər artıq açıq şəkildə etiraf etməlidir: BMT sisteminə əsaslanan əvvəlki beynəlxalq nizam bir çox aktorları qane etmir və dünyada yeni nizam uğrunda mübarizə gedir.
O, həmçinin qeyd edib ki, Ukrayna və Yaxın Şərq kimi münaqişələr demək olar ki, qaçılmaz şəkildə yeni gərginlik ocaqları yaradır. Bu kontekstdə Vuçiç İranın ABŞ-a qarşı müqavimət göstərmək qabiliyyətinin digər dövlətlər üçün müəyyən siqnal verdiyini vurğulayıb.

