ABŞ-da münsiflər məhkəməsi Meta şirkətini istifadəçiləri platformalarının təhlükəsizliyi ilə bağlı yanıltmaqda günahkar bilib və şirkətin 375 milyon dollar cərimə ödəməsinə qərar verib. Bu barədə The Guardian məlumat yayıb.
Məhkəmə prosesi Nyu-Meksiko ştatında keçirilib. Araşdırma nəticəsində müəyyən olunub ki, şirkətin fəaliyyəti ciddi zərərlərə, o cümlədən uşaqların seksual istismarı hallarına səbəb olub.
Bu qərar mühüm hüquqi presedent kimi qiymətləndirilir ⚖️
Ştatın baş prokuroru Raul Torres hökmü belə dəyərləndirib:
“Bu, şirkətin siyasətindən zərər görən ailələr üçün tarixi qələbədir.”
Onun sözlərinə görə, Meta rəhbərliyi risklərdən xəbərdar idi, lakin xəbərdarlıqları görməzlikdən gəlib və ictimaiyyəti yanıltmağa davam edib.
Cərimə məbləği ştat qanunvericiliyinə uyğun olaraq maksimum hədd üzrə hesablanıb:
- Hər pozuntu üçün 5000 dollar
- Ümumi məbləğ 375 milyon dollar
Meta (Facebook, Instagram və WhatsApp platformalarının sahibi) artıq qərardan şikayət verəcəyini açıqlayıb.
Şirkət öz mövqeyini qoruyacağını və platformalarının yeniyetmələr üçün təhlükəsiz olduğunu iddia edir.

