Türkiyədə 2026-cı ildə iqlim dəyişiklikləri fonunda anomaliya dərəcəsində istilər və tam quraqlıq ehtimalı qalır. Bu barədə Milliyet qəzetinə Boğaziçi Universitetinin professoru Murat Türkeş məlumat verib.
Alimin sözlərinə görə, ölkənin bir sıra bölgələrində temperatur normadan xeyli yüksək ola bilər və yeni rekordların qeydə alınması istisna edilmir. Ən yüksək göstəricilər əsasən Mərkəzi, Cənub-Qərbi və Cənub-Şərqi Anadolu bölgələrində gözlənilir.
Temperatur artımı eyni zamanda yağıntıların azalması ilə müşayiət olunur.
Türkeş qeyd edib ki, payız-qış mövsümündə yağıntıların azalması və buxarlanmanın artması quraqlığın daha da dərinləşməsinə səbəb olur.
“Ölkədə əvvəllər müşahidə olunmayan tam quraqlıq şəraiti formalaşa bilər.”
Onun proqnozuna görə, mövcud iqlim tendensiyaları davam edərsə, 2040-cı illərə qədər Türkiyənin bəzi bölgələrində səhraya yaxın iqlim şəraiti yarana bilər.
Ekspert vurğulayıb ki, temperaturun yüksəlməsi meşə yanğınları riskini artırır, həmçinin su ehtiyatları və kənd təsərrüfatına əlavə yük yaradır.
Bu proseslər su qıtlığına və ərzaq təhlükəsizliyi problemlərinə gətirib çıxara bilər.
Türkeş hökuməti və müvafiq qurumları su ehtiyatlarının idarə olunması, quraqlıqla mübarizə və kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması üzrə kompleks tədbirlər görməyə çağırıb.

