Avstraliyada Rottnest adası sahillərində köpəkbalığı 38 yaşlı kişiyə hücum edib.
Bu barədə Reuters polisə istinadən məlumat yayıb.
Hadisə adanın sahilində qeydə alınıb. Polis bildirib ki, fövqəladə xidmətlərə mümkün köpəkbalığı hücumu ilə bağlı məlumat daxil olub.
“38 yaşlı kişinin, ehtimal ki, köpəkbalığı tərəfindən dişləndiyi bildirilir. O, qayıqla sahilə gətirilib və burada onu təcili tibbi yardım əməkdaşları qarşılayıblar. Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb”,
deyə polis açıqlamasında qeyd olunub.
Rottnest adası Avstraliyanın Pert şəhəri yaxınlığında yerləşir. Ada çimərlikləri və vəhşi təbiəti ilə tanınan məşhur turizm məkanıdır.
Köpəkbalığının dəqiq növü və hücumun hansı şəraitdə baş verdiyi araşdırılır. Bildirilir ki, bu, son 3 həftə ərzində Avstraliyada qeydə alınan üçüncü ölümcül köpəkbalığı hücumudur.

