Avstraliyada gənc oğlan nəhəng timsah hücumundan sağ çıxıb. Bu barədə Nine News məlumat yayıb.
Hadisə 18 aprel tarixində Qərbi Avstraliyanın Broom şəhəri yaxınlığında yerləşən məşhur düşərgə ərazisində baş verib. 20 yaşlı Cimmi çimərlikdə yatarkən səhər saatlarında üzərinə dünyanın ən böyük sürünənlərindən olan daraqlı timsah hücum edib.
Gənc ağır xəsarətlər alsa da, möcüzəvi şəkildə xilas ola bilib.
O, əvvəlcə Broom xəstəxanasına çatdırılıb, daha sonra Pert şəhərinə köçürülərək əməliyyat olunub. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.
Qərbi Avstraliya Parklar və Vəhşi Təbiət Departamentinin məlumatına görə, bu il daraqlı timsahın insanlara ikinci hücumudur. Son hadisədən sonra istirahət edənlər üçün xəbərdarlıq edilib.
Xüsusilə tövsiyə olunur ki, çadırlar timsahların ola biləcəyi su hövzələrindən ən azı 50 metr aralı qurulsun.

