Qərbi Avstraliya ştatında, Naturlist burnu yaxınlığında xilasedici helikopter ekipajı iki dalğıcı 4,5 metrlik ağ köpəkbalığından xəbərdar edib. Hadisə fevralın 15-də səhər saatlarında baş verib.
Westpac Life Saver xidmətinə məxsus helikopter ərazini patrul edərkən sahil yaxınlığında suya enən iki dalğıcı müşahidə edib. Onlardan təxminən 10 metr aralıda nəhəng ağ köpəkbalığının yavaş-yavaş yaxınlaşdığı qeydə alınıb. Xilasedicilər təhlükəni dərhal videoya çəkiblər.
Ekipaj dərhal siqnal sirenasını işə salaraq dalğıclara xəbərdarlıq edib. Dalğıclar sudan çıxaraq hidroskuterlərə minib və ərazini tərk ediblər.
Məlumata görə, yanvar ayında Avstraliyada köpəkbalığı hücumlarının sayı artıb. Təkcə Yeni Cənubi Uels ştatında qısa müddətdə dörd hücum qeydə alınıb.

